2026-cı ildən sadələşdirilmiş vergi rejimində yeni qaydalar. Sahibkarlar üçün nələr dəyişir?

2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlar üçün vergi qanunvericiliyində mühüm yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər əsasən nağdsız ödənişləri qəbul edən, POS-terminaldan istifadə edən və ƏDV qeydiyyatında olmayan biznes subyektləri üçün nəzərdə tutulub. Yeni qaydalar həm vergi yükünü azaltmağı, həm də ölkədə nağdsız dövriyyəni daha da stimullaşdırmağı hədəfləyir.
Yeni qaydalara əsasən, ƏDV qeydiyyatında olmayan sahibkarların POS-terminal vasitəsilə qəbul etdiyi nağdsız ödənişlər vergi dövriyyəsinin hesablanması zamanı 0,5 əmsalı ilə nəzərə alınacaq. Bu, praktikada o deməkdir ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə limiti faktiki olaraq 200.000 manatdan 400.000 manata qədər artmış hesab olunur.
Məsələn, POS-terminal vasitəsilə il ərzində 400.000 manat dövriyyə əldə edən sahibkar üçün bu məbləğ vergi hesablamasında 200.000 manat kimi qiymətləndirilir. Nəticədə, sahibkar ƏDV qeydiyyatına keçmədən fəaliyyətini daha uzun müddət sadələşdirilmiş rejimdə davam etdirə bilir. Bu mexanizm xüsusilə pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində çalışan kiçik biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Xidmət sektorunda vergi endirimi
2026-cı ildən tətbiq olunacaq digər mühüm dəyişiklik xidmət sektorunu əhatə edir. Əhaliyə göstərilən xidmətlər üzrə nağdsız ödənişlərə tətbiq olunan sadələşdirilmiş vergi dərəcəsi 8 faizdən 6 faizə endirilir. Sahibkarların maliyyə yükünü yüngülləşdirən bu güzəşt 3 il müddətində qüvvədə olacaq. Vergi dərəcəsinin azaldılması həm sahibkarların xərclərini azaldır, həm də nağdsız ödənişlərin daha geniş yayılmasına şərait yaradır.
Yeni dəyişikliklərin biznesə faydaları
Tətbiq olunan bu yeniliklər kiçik və orta bizneslər üçün bir sıra üstünlüklər təmin edir:
1. Vergi yükünün azalması. Aşağı vergi dərəcələri sahibkarın gəlirliliyini artırır.
2. Nağdsız dövriyyənin təşviqi. POS-terminaldan istifadə maliyyə baxımından daha sərfəli olur.
3. Maliyyə şəffafılığı. Hesabatlılığın asanlaşması və dövriyyənin şəffaf izlənilməsi.
4. Sadə rejimdə qalma imkanı. ƏDV qeydiyyatına keçidin gecikdirilməsi ilə sahibkar mürəkkəb uçot sistemindən azad olur.
2026-cı ildən qüvvəyə minən bu islahatlar dövlətin kiçik biznesi dəstəkləmək və şəffaf iqtisadi mühiti genişləndirmək strategiyasının mühüm tərkib hissəsidir. POS-terminaldan aktiv istifadə edən sahibkarlar üçün bu dəyişikliklər həm maliyyə qənaəti, həm də əməliyyat rahatlığı baxımından yeni inkişaf imkanları açır.
Oxşar xəbərlər